arrow-backGeri qayıt

Festivallar

“Qorqud Ata Türk Dünyası” Film Festivalı

Maddi və qeyri-maddi mədəni irsin yaşadılması, qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə Dədə Qorqud Türk Dünyası Film Festivalı keçirilir. 2018-ci ildə Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylı çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Bakı Beynəlxalq Qısa Filmlər Festivalı

Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis edilən festival əvvəlki illərdə START BQFF adı ilə fəaliyyət göstərib. Bu festivalda dünyada və ölkəmizdə baş verən mədəni, siyasi, sosial hadisələri və müxtəlif xarakterləri özündə birləşdirən rəngarəng filmləri nümayiş etdirilir.

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

Azərbaycanın ilk animasiya festivalı. Festival 2018-ci ildən etibarən uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.

DokuBaku Beynəlxalq Sənədli Film Festivalı

2017-ci ildən etibarən hər il keçirilən Azərbaycanın ilk müstəqil sənədli film festivalı. Onlarla film nümayişindən və xarici kino peşəkarlarının iştirakı ilə ustad dərslərindən ibarət olur. Festivalın əsas məqsədi Azərbaycanda sənədli filmi özünüifadə və düşüncə vasitəsi kimi inkişaf etdirmək, bu janrda fəaliyyət göstərən yerli rejissorlara dəstək olmaq və ölkənin film səhnəsini beynəlxalq film icması ilə birləşdirməkdir.

Salam Beynəlxalq Yeniyetmə Film Festivalı

2019-cu ildə ilk dəfə "Narimanfilm" film şirkəti tərəfindən təsis edilən festivalın iştirakçıları 13-18 yaş arası gənclərdi. Festival zamanı uşaqlar dünya və Azərbaycan kinematoqrafiyasının yeni nümunələrini izləyir, kino mütəxəssislərinin iştirakı ilə filmləri müzakirə edir və münsiflər heyəti kimi səsvermə yolu ilə qalib filmləri müəyyənləşdirirlər.

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı

2020-ci ildən fəaliyyət göstərən, ölkədə gender mövzularına fokuslanan kinofestival dünyanın dörd bir yanından seçilmiş filmləri təqdim edir və müxtəlif gender əsaslı mövzular ətrafında ictimai müzakirələrə təkan verir. Həmçinin yerli sənətçilərin təqdimatına açıq olan qısa və tammetrajlı sənədli filmlər müsabiqəsi təşkil edərək yerli film sənayesinin inkişafına da dəstək olmağa çalışır.