arrow-backGeri qayıt

Film fondu

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT FİLM FONDU (ARDFF)

«Azərkinovideo» İstehsalat Birliyininin nəzdində Azərbaycan Nazirlər Kabinetinin 22 dekabr 1993-cü il tarixli sərəncamına əsasən yaradılmışdır.

 1994- cü ildən fəaliyyət göstərir. Bakıda yerləşir. ARDFF-nin inzibati binasında texniki avadanlıqlarla təchiz edilmiş inzibati otaqlar, laboratoriya, 108 yerlik tamaşa salonu və yardımçı otaqlar, filmlərin komissiya tərəfindən qəbulu üçün ən müasir kinoproyeksiya, səs avadanlıqları və akustik sistemlə təmin olunmuş otaq mövcuddur. Fondun 3-cü və 4-cü mərtəbələri isə müxtəlif növ kino materiallarını saxlayan bokslardan ibarətdir.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT FİLM FONDU (ARDFF)

Fond 1999-cu ildən üzvü seçildiyi Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) tövsiyyələri əsasında beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərir, Federasiyanın Brüssel şəhərində yerləşən qərargahından müxtəlif adda kino ədəbiyyatları, dünya kinosunda arxiv işinin təşkili və bu sahənin inkişafındakı yeniliklər haqqında informasiyalar alır

Bu qurum öz işini filmlərin bərpası və qorunması, milli və xarici kino sənətinin təbliği, arxiv material-faktlarının toplanması, elmi – tədqiqat və araşdırma işlərinin aparılması, beynəlxalq əlaqələr üzrə işlərin aparılması istiqamətlərində aparır. ARDFF-də 64.372 saxlanma vahidi həcmində film materialları, 20 minə yaxın müxtəlif fotosənədlər, 14 minə yaxın orijinal sənəd, eksponat və materiallar (filmlərin ədəbi və rejissor ssenariləri, montaj vərəqələri, diplom və prizlər və s.) qorunub saxlanılır. Burada filmlərin qorunması ilə yanaşı, eyni zamanda onlar üzərində sırf elmi əsaslarla tədqiqat işləri də aparılır. Nüsxələri Fransanın kino arxivindən gətirilərək ARDFF-də saxlanılan, hələ 119 il bundan öncə çəkilmiş, milli kinomuzun əsasını təşkil edən ilk xronikal kadrların («Bibiheybətdə neft fontanı yanğını» və «Balaxanıda neft fontanı», 1898-ci il) aşkar edilməsi buna bir sübutdur. Fondda qorunan filmlərdən bəhs edən xüsusi «Kinobülleten» buraxılır, kitablar çap olunur. Bu kitablar, bülleten FİAF-ın xətti ilə təşkilatın üzvlərinə göndərilir.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT FİLM FONDU (ARDFF)

ARDFF elmi-tədqiqat mərkəzi kimi ildən-ilə fəaliyyətini genişləndirir.

 Burada Azərbaycan kino tarixi ilə bağlı müxtəlif çap məhsulları hazırlanır. Buna misal olaraq azərbaycan, rus və ingilis dillərində nəşr olunan, həmçinin elektron versiyası hazırlanan filmlərin kataloqudur ki, bu da ölkəmizdəki filmlərlə bir çox ölkələrin tanış olmalarına imkan yaradacaqdır. Axtarışlar nəticəsində RF, Kanada, Gürcüstan və başqa ölkələrdən görkəmli sənətkarlarımızdan — bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev və Müslüm Maqomayevin fotosənədlərinin neqativləri və pozitivləri Fonda gətirilmişdir. Maraqlı faktlar arasında Ukraynanın Simferopol arxivindən Azərbaycanın ilk kinoaktyorlarından biri olan Xeyri Əmirzadənin sənədlərinin nüsxələri, ABŞ-dan ilk kinoaktrisamız İzzət Orucovanın foto və arxiv sənədləri, «Sevil» bədii filminin (1929) çəkilişləri ilə bağlı sənədlər Fonda daxil olmuşdur. Aparılan axtarışlar nəticəsində vaxtilə itirilmiş bir neçə nadir səssiz Azərbaycan filmi tapılmışdır. Bu filmlər sırasında «Əvəz-əvəzə» (1925), «Vulkan üzərində ev» (1928, aktyor Ələsgər Ələkbərov ilk dəfə bu filmdə çəkilmişdir), «İki yoldaş» (1934), «Dəcəl dəstə» (1937, filmin quruluşçularından biri, Şərqdə ilk azərbaycanlı qadın kinorejissoru olan Qəmər Salamzadədir) və s. kinolentlər vardır. «Azərfilm» kinostudiyasında rejissor Mikayıl Mikayılovun 1939-cu ildə çəkdiyi, lakin bu günümüzə gəlib çıxmayan, itmiş hesab olunan «Hazır ol» bədii filmindən bir parça, XX əsrin əvvəllərində «Pate» firmasının çəkdiyi, XIX əsrin sonlarında dəbdə olan qadın modalarının nümayişini əks etdirən kiçik, lakin çox qiymətli çarx, 1946-cı ildə Nikitçenko qardaşlarının mürəkkəb quraşdırma üsulu ilə lentə alınmış məşhur «Yabloçko» rəqsini əks etdirən kinolent tapılıb DFF-yə təhvil verilmişdir.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT FİLM FONDU (ARDFF)

Fondda kino tarixi ilə bağlı 12 mindən çox foto, dünyanın müxtəlif yerlərində istehsal edilən filmlərin fotoşəkilləri qorunur.

2009-cu ilin sonunda ARDFF-də H.Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq Uşaq Kino Evinin açılışı olmuşdur. Fondda 11100 adda Azərbaycan və dünya kino əsərlərinin orijinalları və nüsxələri saxlanılır. Onların arasında «Qız qalası» (1924), «Bismillah» (1925), «Sevil» (1929), «Lətif» (1930), «İsmət» (1934), «Mavi dənizin sahilində» (1935), «Almaz» (1936), «Bakılılar» (1938), «Kəndlilər» (1939), «Səbuhi» (1941), «Arşın mal alan» (1945 və 1965), «Fətəli xan» (1947), «Bakının işıqları» (1950), «Bəxtiyar» (1955), «O olmasın, bu olsun» (1956) və s. bədii, yüzlərlə sənədli, elmi-kütləvi, animasiya, Azərbaycan dilinə dublyaj olunmuş xarici filmlər, «Mozalan» satirik kinojurnalının sayları və s. kinolentlər vardır (1990-cı ilə qədər istehsal olunmuş Azərbaycan xronikal-sənədli filmlər Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılır). Filmlərdən başqa fondun arxivində kino sənətkarları ilə bağlı sənədlər, onların əlyazmaları, filmlərin istehsalına aid sənəd və materiallar, filmlərin ədəbi ssenarilər, montaj vərəqələri, rejissor ssenariləri, diplom və prizlər qorunub saxlanılır.

Azərbaycan Respublikasının Kino Agentliyi

01 dən 07