Geri qayıt

Film Layihəsi üçün müraciət

AZƏRBAYCAN RESPUBLİKASININ KİNO AGENTLİYİNİN FİLM LAYİHƏLƏRİ MÜSABİQƏSİNİN REQLAMENTİ

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində olan “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi özəl sektora dəstək vermək, kinematoqrafiya sahəsində fəaliyyəti təşviq etmək və yerli kinematoqrafçıların təcrübəsini artırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin sayını artırmaq məqsədilə film layihələri müsabiqəsini (bundan sonra - Müsabiqə) elan edir.

MÜSABİQƏNİN ƏSAS ŞƏRTLƏRİ

⦁ Müsabiqə kinematoqrafın istənilən istiqamət, kateqoriya və janrlarını əhatə edən, kütləvi nümayiş üçün nəzərdə tutulan kinematoqrafiya əsərləri (bundan sonra - film) layihələri arasında keçirilir.
⦁ Müsabiqənin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan “Azərbaycan Respublikasının Kino Agentliyi” (bundan sonra - ARKA) publik hüquqi şəxsidir.
⦁ Müsabiqəyə təqdim olunacaq film layihələri və müsabiqə qalibləri tərəfindən istehsal ediləcək filmlər Azərbaycan dilində və ya Azərbaycan dilində subtitrlər ilə təmin olunmaq şərtilə başqa dildə ola bilər .
⦁ Müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslərin (bundan sonra - iştirakçılar) istehsal etdiyi film layihələri iştirak edə bilər.
⦁ Müsabiqədə bir neçə hüquqi şəxs birgə iştirak edə bilər. Bu halda həmin hüquqi şəxslərdən yalnız biri iştirakçı qismində iştirak ərizəsi ilə müraciət edə bilər. Digər hüquqi şəxslərhəmin iştirakçı ilə münasibətlərini qanunvericiliyə uyğun olaraq müqavilələr vasitəsilə tənzimləyirlər.
⦁ Müsabiqədə iştirak etmək istəyən fiziki şəxslər iştirakçı meyarlarına cavab verən hüquqi şəxslər vasitəsilə, müqavilə əsasında müsabiqəyə qoşula bilərlər.
⦁ Müsabiqədə sponsor, həmprodüser, müəllif və ya digər formada iştirak etmək istəyən xarici fiziki və ya hüquqi şəxslər iştirakçı meyarlarına cavab verən hüquqi şəxslər vasitəsilə, müqavilə əsasında müsabiqəyə qoşula bilərlər.
⦁ Müsabiqəyə təqdim edilmiş film layihələrində 5 əsas müəllifdən azı üçü Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan şəxslər olmalıdır. Filmin əsas müəllifləri quruluşçu rejissor, ssenari müəllifi, quruluşçu operator (təsvir rejissoru), quruluşçu rəssam, bəstəkar hesab olunur.
⦁ Müsabiqənin ümumi fondu 5500000 AZN təşkil edir və aşağıdakı istiqamətlər üzrə bölünmüşdür: - Dövlət sifarişi ilə istehsal olunacaq film layihələri üçün - 2000000 manat. Bu istiqamət üzrə aşağıdakı kateqoriyalarda film layihələri təqdim edilə bilər: tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri. - Kommersiya filmləri layihələri üçün - 1250000 manat. Bu istiqamət üzrə aşağıdakı kateqoriyalarda film layihələri təqdim edilə bilər: tammetrajlı bədii, sənədli və animasiya filmləri. - Müəllif filmləri layihələri üçün - 1250000 manat. Bu istiqamət üzrə aşağıdakı kateqoriyalarda film layihələri təqdim edilə bilər:tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri. - Debüt və tələbə filmi layihələri üçün - 1000000 manat. Bu istiqamət üzrə aşağıdakı kateqoriyalarda film layihələri təqdim edilə bilər:tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri. Qeyd: tələbə film layihələri yalnız qısametrajlı film kateqoriyası üzrə müsabiqədə istirak edə bilər.
⦁ Dövlət sifarişi ilə istehsal olunacaq film layihələri üçün hər kateqoriya üzrə bir, istiqamət üzrə cəmi altı müraciət, kommersiya filmləri layihələri üçün hər kateqoriya üzrə bir, istiqamət üzrə cəmi üç müraciət, müəllif filmləri layihələri üçün hər kateqoriya üzrə bir, istiqamət üzrə cəmi altı müraciət, debüt filmi layihələri üçün hər kateqoriya üzrə bir, istiqamət üzrə cəmi altı müraciət, tələbə filmləri layihələri üçün hər kateqoriya üzrə bir, istiqamət üzrə cəmi üç müraciət təqdim oluna bilər.
⦁ İştirakçılar yuxarıda qeyd edilən ümumi meyarlardan əlavə aşağıdakı xüsusi meyarlara cavab verməlidir:
⦁ Dövlət sifarişi istiqaməti üzrə müraciət edən iştirakçıların hər biri tərəfindən müsabiqə elanı tarixinədək azı iki tammetrajlı və ya dörd qısametrajlı film istehsal edilmiş olmalı, təqdim etdiyi film layihəsindəki quruluşçu rejissorunun azı bir tammetrajlı və ya iki qısametrajlı film istehsalı ilə bağlı müəlliflik təcrübəsi olmalıdır.
⦁ Kommersiya filmləri istiqaməti üzrə müraciət edən iştirakçıların hər biri tərəfindən müsabiqə elanı tarixinədək azı bir tammetrajlı film istehsal edilmiş olmalı, təqdim etdiyi film layihəsindəki quruluşçu rejissorunun azı bir tammetrajlı və ya iki qısametrajlı film istehsalı ilə bağlı müəlliflik təcrübəsi olmalıdır.
⦁ Müəllif filmləri istiqaməti üzrə müraciət edən iştirakçıların hər biri müsabiqə elanı tarixinədək azı bir tammetrajlı və ya iki qısametrajlı film istehsal etmiş olmalı, təqdim etdiyi film layihəsindəki quruluşçu rejissorunun azı bir qısametrajlı film istehsalı ilə bağlı müəlliflik təcrübəsi olmalıdır.
⦁ Debüt filmləri istiqaməti üzrə müraciət edən iştirakçıların hər biri müsabiqə elanı tarixinədək azı bir tammetrajlı və ya iki qısametrajlı film istehsal etmiş olmalı, təqdim etdiyi film layihəsindəki quruluşçu rejissorunun kinematoqrafiya ixtisası üzrə ali təhsili, tammetrajlı film kateqoriyası üzrə müraciət etdiksə isə - əlavə olaraq azı bir qısametrajlı filmin quruluşçu rejissoru təcrübəsi olmalıdır.
⦁ Tələbə filmləri istiqaməti üzrə müraciət edən iştirakçılar kinematoqrafiya ixtisası üzrə təhsil verən təhsil müəssisələri olmalı, təqdim etdikləri film layihələrində quruluşçu rejissorlar kinematoqrafiya ixtisası üzrə təhsil alan tələbələr olmalıdır.
⦁ Müsabiqənin digər şərtlərini ətraflı şəkildə əks etdirən əsasnaməsi https://arka.culture.az internet səhifəsində yerləşdiriləcək. İştirak etmək istəyən şəxslərdən həmin səhifəni izləməkləri xahiş olunur.

MÜSABİQƏNİN MƏRHƏLƏLƏRİ

Müsabiqə aşağıdakı üç mərhələdən ibarətdir:
⦁ Müsabiqənin 1-ci mərhələsi 18 iyul – 15 sentyabr 2023-cü il tarixlərini əhatə edir və bu mərhələdə ARKA tərəfindən layihələrin qəbulu həyata keçirilir.
⦁ Müsabiqənin 2-ci mərhələsinə 1 sentyabr 2023-cü il tarixindən start veriləcək və 15 oktyabr 2023-cü il tarixinədək Seçim Komissiyası tərəfindən ilkin qiymətləndirmə və bədii seçim həyata keçiriləcəkdir.
⦁ Müsabiqənin 3-cü mərhələsi 21-22 oktyabr 2023-cü il tarixlərini əhatə edir və bu mərhələdə Bakı şəhərində Seçim Komissiyası və Ekspert Şurası qarşısında layihələrin iştirakçılar tərəfindən müdafiəsi (pitçinq) keçiriləcək. Bu mərhələni uğurla başa vurmuş layihələr qalib hesab edilir və həmin layihələri təqdim etmiş iştirakçılarla qanunvericiliyə uyğun müvafiq müqavilə bağlanılır.

Müsabiqənin keçirilmə tarixləri https://arka.culture.az internet səhifəsində və media vasitələrində qabaqcadan elan olunmaq şərtilə dəyişdirilə bilər.

MÜSABİQƏYƏ TƏQDİM EDİLƏN SƏNƏDLƏR

⦁ Hər bir iştirakçı hər bir film layihəsi üçün ayrıca https://arka.culture.az internet səhifəsində qeyd olunan elektron müraciət formasını (ərizə) və ərizəyə əlavə edilən aşağıdakı sənədləri təqdim etməlidir:
⦁ filmin məzmununun ən qısa ifadəsi (loqlayn);
⦁ filmin qısa məmunu (sinopsis);
⦁ filmin məzmunu (tritment);
⦁ filmin beynəlxalq yazılış formatına uyğun (şrift: “Courier” (“Courier new”), şriftin ölçüsü: 12) ssenarisi;
⦁ rejissor şərhi;
⦁ prodüser şərhi;
⦁ müəlliflərin şəxsiyyət vəsiqələrinin (daimi yaşayış icazələrinin) surəti;
⦁ layihənin təxmini smeta dəyəri;
⦁ filmin istehsal təqvimi və quruluş planı;
⦁ layihənin maliyyələşdirilməsi barədə arayış və arayışda qeyd edilən maliyyə mənbələrini təsdiq edən sənədlər (razılıq məktubu, müqavilə və ya memorandum);
⦁ əgər varsa, sponsorluq müqaviləsi (o cümlədən, birgə layihə kimi yerli və beynəlxalq sponsorlar tərəfindən maliyyələşdirildiyi halda);
⦁ iştirakçının qeydiyyat sənədləri (nizamnamə, müvafiq dövlət reyesterindən çıxarış, VÖEN, vergi borcunun olmaması haqqında arayış, fəaliyyət kodu ilə bağlı arayış, bank hesabından son çıxarış, mənfəət vergisi bəyannaməsi, müraciət edən hüquqi şəxsin rəhbərinin məhkumluğunun olmaması ilə bağlı arayışı);
⦁ müəlliflərin tərcümeyi-halları;
⦁ müvafiq meyarla tələb olunduqda - iştirakçı tərəfindən müsabiqə tarixinədək istehsal edilmiş filmlərin istehsalını təsdiq edən sənədlərin (dövlət qeydiyyatı sənədləri, müvafiq reystrlərdən çıxarışlar və s.) surəti;
⦁ təqdim olunmuş layihənin ssenarisinin müəllifliyini təsdiq edən, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyindən alınmış müvafiq şəhadətnamə;
⦁ hər bir müəllif ilə iştirakçı arasında olan müqavilənin surəti;
⦁ Tələbə film layihələri ilə müraciət edən iştirakçıların kinematoqrafiya ixtisası üzrə təhsil aldığı təhsil müəssisəsinin müraciət məktubu və təhkim olunmuş bədii rəhbər haqqında məlumat.
⦁ Ərizəyə əlavə edilən bütün sənədlər PDF formatında olmalıdır.
⦁ Ərizə və ona əlavə olunan sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, onların aradan qaldırılması üçün ARKA tərəfindən ərizəçinin elektron və ya poçt ünvanına yazılı bildiriş göndərilir və ərizəyə baxılma müddətinin axımı dayandırılır. Ərizəçi tərəfindən 3 (üç) iş günü müddətində sənədlər təqdim edilmədikdə müraciət baxılmamış saxlanılır və müraciət edən həmin layihə üzrə iştiraketmə hüququnu itirir.
⦁ İştirakçıların müsabiqənin nəticələri ilə bağlı şikayətlərinə Nazirliyin qərarı ilə 9 nəfərdən ibarət tərkibdə yaradılacaq Apellyasiya Komissiyası baxır və müvafiq qərar qəbul edir.
⦁ Layihənin plagiat olduğu və ya hər hansı şəkildə üçüncü şəxslərin hüquqlarını pozduğu müəyyən edilərsə, iştirakçı ilə bağlanılmış müqaviləyə dərhal xitam veriləcək və zərərin əvəzinin ödənilməsi barədə müdafiə tədbirlər görüləcək.

Əlavə məlumat üçün:

(+99412) 147, daxili nömrə 171
E-poçt: [email protected]
https://arka.culture.az