arrow-backGeri qayıt

Azərbaycan Kinosu

AZƏRBAYCAN KİNOSU

1895-ci ilin dekabrında dünyaya ilk qədəmlərini atan “kino” sənəti çox qısa zaman sonra 1898-ci ildə Azərbaycana da gəlib çıxır.

1898-ci ildə Aleksandr Mişon “Balaxanı mədənində neft fontanı” adlı qısametrajlı sənədli səssiz film çəkib. Hesab olunur ki, bu, Azərbaycan kinematoqrafının tarixində və dünyada neft hasilatına həsr edilmiş ilk film olub. Filmin premyerası 1898-ci il avqustun 4-də Bakıda təşkil edilib.

AZƏRBAYCAN KİNOSU

A.Mişonun kinematoqrafında Azərbaycan neftinə həsr edilmiş daha bir film “Bibiheybətdə yanğın” adlanır.

1898-ci ildə Lümyer qardaşlarının studiyasında 35 millimetrlik plyonkaya çəkilmiş bu filmdə ətrafda nə varsa hamısını cənginə alan alov, tüstü görünür, fəlakətin faciəviliyi və miqyası aşkar hiss olunur. Aleksandr Mişonun növbəti proqramı həmin il avqustun 2-də nümayiş etdirildi. Bu proqrama “Bibiheybətdə yanğın” filmi də daxil edilmişdi. İki ildən sonra həmin film Paris Beynəlxalq Sərgisində təqdim edildi, həmin filmin bəzi səhnələri 1995-ci ildə dünya kinosunun 100 illiyi şərəfinə Fransada göstərilib. Neftlə bağlı bədii filmlərə gəldikdə isə, burada ilk filmlərdən biri 1916-cı ildə rejissor Boris Svetlov tərəfindən “Piron qardaşları” kinostudiyasında yazıçı İbrahimbəy Musabəyovun eyniadlı povestinin motivləri əsasında çəkilmiş “Neft və milyonlar səltənətində” filmidir. “

AZƏRBAYCAN KİNOSU

“Mavi dənizin sahilində” bədii filmi“ Azərfilm”in 1935-ci ildə çəkdiyi ilk səsli kinosudur.

1956-cı ildə rejissor Hüseyn Seyidzadə Azərbaycanın ilk rəngli filmini “O olmasın bu olsun” çəkməklə kino salnaməmizdə daha bir tarixi yeniliyə imza atır. Keçən əsrin əvvəllərində xarici kino şirkətləri Bakıda film istehsalı ilə məşğul olmağa başlamışdılar. Pirone qardaşlarının kinofabriki, “Pathé” şirkəti, “Filma” səhmdar cəmiyyəti və başqa xaricilər Bakıda film çəkilişlərini həyat keçirirdilər. Xalq Komissarları Sovetinin 1923-cü il 5 mart tarixli xüsusi dekreti ilə Azərbaycan Foto-Kino İdarəsi yaradıldı. 1920-ci il dekabr ayının 20-də Azərbaycan Xalq Maarif Komissarlığı kollegiyasının iclasında “Kinematoqrafiya filmləri fabrikinin açılışı haqqında” qərar qəbul etdi. 1923-cü il aprel ayının 28-də AFKİ nəzdində I Dövlət Kinofabrikinin açılış mərasimi keçirildi. “Azərbaycanfilm” kinostudiyasının tarixi də məhz həmin hadisədən başlanır. Kinofabrik müxtəlif illərdə AFKİ-nin I Dövlət Kino Fabriki, Azdövlətkino (Azərbaycan Foto–Kino Sənaye və Ticarət Birliyi), Azərkino, Azərfilm, Azdövlətkinosənaye (Oktyabrın X illiyi adına kinofabrik), Azərfilm (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi), Bakı kinostudiyası, Azərbaycanfilm kinostudiyası, Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyası kimi fərqli adlar daşıyıb.

AZƏRBAYCAN KİNOSU

İncəsənətin bütün sahələrində olduğu kimi, milli kinomuzun inkişafında da Ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri var.

“Kino bizim xalqımızın salnaməsidir”, – deyən Ulu öndər istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda milli kino sahəsinə yüksək diqqət və qayğı göstərib.Sovetlər birliyi dağıldıqdan sonra Azərbaycanda digər sahələrdə olduğu kimi, kinoda da durğunluq yarandığı bir vaxtda məhz Ulu öndərin qayğısı nəticəsində Azərbaycan kinosu yenidən inkişaf yoluna qədəm qoydu. Ümummilli liderin rəhbərliyi ilə 1993-cü ildən Azərbaycanda kino fəaliyyətinin normativ-hüquqi bazasının formalaşdırılmasına başlanıldı. Həmin il dekabrın 22-də Azərbaycan Respublikasının Dövlət Film Fondu təsis edildi. Azərbaycan Kinosu Gününün təsis edilməsi kimi tarixi bir addım da məhz Heydər Əliyevin bu sahədə əvəzsiz xidmətlərinin nəticəsidir. Uzun illər sovet kinosu günü Azərbaycanda milli kino günü kimi qeyd edilib. Azərbaycan kinosunun yaranma tarixi isə 1916-cı ildən hesab olunurdu. Lakin Ulu öndər tərəfindən kino tariximizə qarşı bu haqsızlığa son qoyuldu və Prezident Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə milli kino tarixinin başlanğıcı 1898-ci ilin 2 avqust tarixi qəbul olundu. 20 ildən çoxdur ki, 2 avqust Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı kimi qeyd edilir.

Azərbaycan Respublikasının Kino Agentliyi

01 dən 07