arrow-backGeri qayıt

Xəbərlər

Əməkdar artist Elxan Qasımovun xatirə gecəsi keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi, "Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək" ictimai birliyinin təşkilatçılığı ilə sentyabrın 16-da Nizami Kino Mərkəzinin kiçik zalında tanınmış incəsənət xadimi, Əməkdar artist Elxan Qasımovun xatirə gecəsi keçirilib.

Tanınmış mədəniyyət və incəsənət xadimlərinin, kinematoqrafçıların və kinosevərlərin iştirak etdiyi tədbirdə Elxan Qasımov haqqında video-çarx nümayiş olunub, sənət yoldaşları E.Qasımovun həyat və yaradıcılığı ilə bağlı fikirlərini və xatirələrini bölüşüblər.

Qeyd edək ki, Elxan Qasımov 1945-ci ildə Naxçıvanda anadan olub. 1962-1966-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq, 1973-1978-ci illərdə isə Leninqrad DTMKİ-nun Rejissorluq fakültəsində təhsil alıb.

1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında çalışan və “Əhməd haradadır?” bədii filmində sürücü Əhməd obrazı ilə tamaşaçıların sevgisini qazanan E.Qasımov “Onu bağışlamaq olarmı?”, “Bizim küçə”, “İnsan məskən salır”, “O qızı tapın”, “Axırıncı aşırım”, “Qatır Məmməd”, “Ad günü”, “İstintaq”, “Otel otağı” və s. bədii filmlərdə aktyor kimi yaddaqalan obrazlar yaratmış, “Köhnə bərə”, “Nizami Gəncəvi”, “Müstəqilliyin keşiyində”, “Uçurum üzərində cığır”, “Biz qayıdacağıq”, “Böyük anda sadiqik”, “Ürək yaddaşı”, “Qocalar, qocalar” və s. bədii və sənədli filmlərin rejissoru olmuşdur.

2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artist”i fəxri adına layiq görülən E.Qasımov 29 may 2023-cü ildə Bakıda vəfat edib.

Xəbərlər