arrow-backGeri qayıt

Xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabineti ölkədə kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalını stimullaşdırmaq məqsədilə sərəncam qəbul edib

Azərbaycan Respublikası Nazirlər Kabineti 12 iyun 2025-ci il tarixində ölkədə kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalını stimullaşdırmaq məqsədilə sərəncam qəbul edib. Sərəncam, Azərbaycan Respublikası Prezidentinin 29 may 2025-ci il tarixli 610 nömrəli Sərəncamının icrasını təmin etməyə yönəlib.

Sərəncama əsasən, bir sıra tapşırıqlar müəyyən edilib. Belə ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birgə audiovizual əsərlərin istehsalı zamanı çəkilmiş xərclərin qismən geri ödənilməsi mexanizminin layihəsini hazırlayaraq 15 gün müddətində Nazirlər Kabinetinə təqdim edəcək.
Bundan əlavə, Ədliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə kinematoqrafiya sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay ərzində hazırlayıb təqdim edəcək. Eyni zamanda, Prezident sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılması istiqamətində təkliflərin beş ay müddətində təqdim olunması nəzərdə tutulub.

Bu qərarla, Azərbaycanda film və audiovizual məzmunun istehsalına olan maraq əhəmiyyətli dərəcədə artacaq, ölkəyə xarici investisiyaların axını sürətlənəcək və xarici təcrübənin ötürülməsi ilə yerli kadr potensialı güclənəcəkdir. Geriödəmə mexanizminin tətbiqi həm yerli, həm də beynəlxalq istehsalçılar üçün daha cəlbedici və rəqabətqabiliyyətli mühit yaradacaq, yeni iş yerləri formalaşdıracaq və nəticə etibarilə ölkənin kino sənayesinin ÜDM-dəki payının artmasına və Azərbaycanın beynəlxalq film bazarında tanınmasına ciddi töhfə verəcəkdir.

Xəbərlər