arrow-backGeri qayıt

Xəbərlər

Azərbaycan kinosuna dövlət dəstəyi genişlənir: istehsal xərclərinin 40%-dək hissəsi geri ödəniləcək

11 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi” ilə bağlı mətbuat konfransı keçirildi.

Tədbirdə 2023–2025-ci illər ərzində bu istiqamətdə görülmüş işlər, qəbul olunmuş hüquqi sənədlər və tətbiq olunacaq mexanizmlər ictimaiyyətə təqdim olundu. Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov çıxışında bildirib ki, qəbul edilən bu qərar Azərbaycan Respublikasının Sosial-iqtisadi İnkişaf Strategiyası çərçivəsində kino sənayesinin ümumi daxili məhsulda payının artırılmasına, yerli peşəkar kadrların yetişdirilməsinə və ölkənin turizm potensialının gücləndirilməsinə mühüm töhfə verəcək. Onun sözlərinə görə, sənədin hazırlanması prosesi Mədəniyyət Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumlarının iştirakı ilə həyata keçirilib və nəticədə Prezidentin 29 may 2025-ci il tarixli Sərəncamı ilə bu təşəbbüs hüquqi əsasını tapıb. Qısa müddət ərzində isə Nazirlər Kabineti tərəfindən “Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları” təsdiqlənib.

Rəşad Əzizov əlavə edib ki, bu təşəbbüs çərçivəsində görüləcək işlərdən biri də 2025-ci il 9–10 oktyabr tarixlərində keçiriləcək “Baku Cinema Breeze” kino festivalı çərçivəsində “Omarket” kino sənayesi bazarının təşkilidir. Bu platforma, həm yerli, həm də beynəlxalq prodüserlər üçün əməkdaşlıq və investisiya imkanlarının genişləndirilməsinə şərait yaradacaq.


Xəbərlər