arrow-backGeri qayıt

Xəbərlər

Daşkənddə “Molla Nəsrəddin – çətin günlərimin dostu” filmi üzrə Əməkdaşlıq Memorandumu imzalanıb

2025-ci ilin dekabr ayında Daşkənddə keçirilən “Canlı Tarix” Beynəlxalq Forumu çərçivəsində “Nasreddin Production” MMC ilə “Uzbekfilm” Dövlət Kinostudiyası arasında rəsmi Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd layihənin prodüseri və direktoru Zaur Darabzadə və “Uzbekfilm” kinostudiyasının direktoru Bahodir Muxamedov tərəfindən imzalanaraq filmin istehsalı üzrə tərəfdaşlığın rəsmi şəkildə təsdiqlənməsinə zəmin yaradıb.

“Molla Nəsrəddin – çətin günlərimin dostu” tammetrajlı bədii filmi xalq artisti Vaqif Mustafayevin rejissorluğu ilə ərsəyə gəlir. Layihə türk dövlətlərinin ortaq mədəni irsini kino vasitəsilə təqdim etməyi hədəfləyir və TÜRKSOY ölkələrinin birgə əməkdaşlığı əsasında həyata keçirilir. Filmin istehsalına Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən dəstək göstərilir.

Memorandumun imzalanması türk dünyasının tarixi şəxsiyyətləri, mədəni irsi və ortaq dəyərlərinin vahid kino dili ilə beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm addım kimi qiymətləndirilir. Bu əməkdaşlıq region ölkələri arasında mədəni dialoqun gücləndirilməsinə, kino sahəsində ortaq layihələrin reallaşdırılmasına və ümumilikdə, türk dövlətlərinin mədəni əməkdaşlığının yeni mərhələyə daşınmasına xidmət edəcək.

“Molla Nəsrəddin – çətin günlərimin dostu” filmi ilə ortaq irsin qlobal səviyyədə tanıdılması və geniş tamaşaçı auditoriyasına çatdırılması planlaşdırılır.

Xəbərlər