arrow-backGeri qayıt

Xəbərlər

Azərbaycan və Xorvatiya mədəni əməkdaşlıqda yeni mərhələdə

2025-ci il iyunun 23–24-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə səfər edib. Səfər Azərbaycan ilə Xorvatiya arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunub və mədəni, yaradıcı sənayelər sahəsində əməkdaşlığın genişləndirilməsi, biznes subyektləri arasında əlaqələrin inkişafı və birgə layihələrin təşviqini hədəfləyir.

İyunun 24-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Xorvatiya Respublikasının mədəniyyət və media naziri xanım Nina Obuljen Korzinek arasında rəsmi görüş keçirilib. Görüş zamanı ikitərəfli mədəni əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Xanım nazir iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayaraq bu səfərin münasibətlərin yeni mərhələyə qədəm qoymasına təkan verəcəyinə əminliyini ifadə edib.

Adil Kərimli səmimi qəbula görə təşəkkür edərək bildirib ki, ölkə rəhbərləri səviyyəsində formalaşmış dostluq münasibətləri mədəni əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır. Tərəflər səfərin əsas məqsədinin 2024-cü il martın 13-də Bakı şəhərində keçirilmiş Azərbaycan–Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın üçüncü iclasında əldə olunmuş razılaşmaların icrasına töhfə vermək olduğunu vurğulayıblar.

Səfər çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizovun rəhbərliyi ilə ölkəmizin audiovizual sənayesinin nümayəndələri Xorvatiyanın Audiovizual Mərkəzinin təmsilçiləri ilə görüşüblər. Görüşdə kino və media sahəsində ortaq layihələr, təcrübə və ekspert mübadiləsi, həmçinin təlim və vörkşopların təşkili imkanları müzakirə olunub.

Bununla yanaşı, Xorvatiyanın aparıcı prodüser şirkətlərindən biri olan “Zagreb Film”in nümayəndələri ilə də ayrı görüş baş tutub. Azərbaycanı bu görüşlərdə sənaye nümayəndələri “Alove Animation” studiyasının direktoru Oktai İusibov, “Dynamic Box” MMC-nin nümayəndəsi Şahin Əliyev, “Aydemir Entertainment”ın rəhbəri Azər Aydəmir, “Kinobox” onlayn platformasının təsisçisi Elvin Abdulla təmsil ediblər.

Xəbərlər