arrow-backGeri qayıt

Xəbərlər

“Sükut içində addımlar” filmi Polşada daha bir mükafat qazanıb

Rejissor Fariz Əhmədovun “Sükut içində addımlar” tammetrajlı sənədli filmi 1-4 oktyabr 2026-cı il tarixlərində Polşanın Qdınya şəhərində keçirilən 18-ci NNW Beynəlxalq Film Festivalında münsiflər heyətinin xüsusi qeydinə layiq görülüb. Festivalın proqramına müxtəlif ölkələrdən 60 ekran əsəri daxil edilmişdi.

Film Qarabağın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsindən bəhs edir. Filmin qəhrəmanları qadınlardan ibarət minatəmizləmə qrupudur. Kamera onların gündəlik həyatını izləyir: hər addımda gizli təhlükə ilə üz-üzə qalan peşəkarlar, eyni zamanda qayğıkeş analar və zərif qadınlar. Film təhlükə və qətiyyət, kövrəklik və güc, ölüm və yaşamaq haqqında düşündürür.

Filmin ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, icraçı prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, prodüseri Orman Əliyev, operatoru Mateuş Çuxnovskidir. Film Bakı Media Mərkəzi, “Drygas Film Production” və Polşa Televiziyasının (TVP) birgə istehsalıdır və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Polşa Film İnstitutunun dəstəyi ilə ərsəyə gəlib.

Filmin operatoru Mateuş Çuxnovski bu ekran əsərindəki işinə görə 66-cı Krakov Film Festivalında “Ən yaxşı operator işi” mükafatına layiq görülüb. “Sükut içində addımlar” Rumıniyanın Astra Film Festivalının 2026-cı il proqramına da daxil edilib.

Xəbərlər