Xəbərlər
ARKA birgə istehsal üzrə 5 yeni film layihəsinə maliyyə dəstəyi ayırıb
Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən ilk dəfə keçirilən “Birgə film istehsalına dəstək müsabiqəsi”nin 2026-cı ilin III rübü üzrə mərhələsi başa çatıb.
Bədii Keyfiyyətə Nəzarət Komissiyası beş şirkətin təqdim etdiyi layihələri qiymətləndirərək onların maliyyələşdirilməsi barədə qərar qəbul edib. Layihələrdən dördünə 200 min manat, birinə isə 300 min manat olmaqla, ümumilikdə 1 milyon 100 min manat vəsait ayrılıb.
Maliyyə dəstəyi alan layihələr:
“Nasreddin Production” MMC – “Parallax” (Azərbaycan, Estoniya, Finlandiya, Latviya, Litva) – 200 000 manat
“Eloğlu Şirkətlər Qrupu” – “Kapitan” (Azərbaycan, Türkiyə, Özbəkistan) – 200 000 manat
“Adrenalin Brothers” – “Saxta sevgili” (Azərbaycan, Banqladeş, Qazaxıstan) – 200 000 manat
“Navis” – “Aloha Prestij” (Azərbaycan, Türkiyə, Bolqarıstan) – 200 000 manat
“Meh-Film” MMC – “Yalanın məharəti” (Azərbaycan, Türkiyə) – 300 000 manat
Müsabiqə xarici kino şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi, birgə film istehsalının stimullaşdırılması və yerli müstəqil prodüser mərkəzlərinin rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır.
IV rüb üzrə müraciətlərin qəbulu 1 oktyabr 2026-cı il tarixindən başlayıb. Müraciətlər ARKA-nın rəsmi internet səhifəsi və ya “MyCulture” vahid şəxsi kabineti vasitəsilə qəbul olunur. Növbəti mərhələdə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Gürcüstanla birgə layihələrə, eləcə də ortaq tarixi hadisələri və şəxsiyyətləri, adət-ənənələri və milli-mənəvi dəyərləri təbliğ edən, həmçinin uşaqlar üçün nəzərdə tutulan filmlərə üstünlük veriləcək.
Xəbərlər