Xəbərlər
“Erkən hisslər” Linz festivalında rejissorluğa görə xüsusi qeydə layiq görülüb
Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə ərsəyə gələn “Erkən hisslər” qısametrajlı bədii filmi 14–17 oktyabr 2026-cı ildə Avstriyada keçirilən Linz Beynəlxalq Qısametrajlı Film Festivalının əsas müsabiqə proqramında nümayiş olunub və rejissorluğa görə xüsusi qeydə (Special Mention — Best Directing) layiq görülüb. Filmin ssenari müəllifi və rejissoru Nurlan Həsənlidir.
Böyümə dövründən bəhs edən dram 2002-ci il futbol üzrə dünya çempionatı günlərində cərəyan edir. 11 yaşlı Ziya məhəllədə bir qadının vəfatı ilə ilk dəfə ölüm anlayışı ilə qarşılaşır. Bu hissləri anlamağa çalışarkən o, şəhərdən köçüb gələn bir qıza vurulur və eyni qızı məhəllənin daha iki oğlanının da sevdiyini öyrənir. Futbol filmdə xüsusi yer tutur: Ziyanın atası Türkiyə millisinə, Ziya isə Braziliyaya azarkeşlik edir və bu, ata ilə oğul arasında əlavə gərginlik yaradır.
“Erkən hisslər” dünya premyerasını Polşanın Krakov Film Festivalında keçirib, Bakı Beynəlxalq Film Festivalında yerli müsabiqədə “Ən yaxşı film”, Qırğızıstanda “Ümid” Gənclər Forumunda “Ən yaxşı rejissor”, Qazaxıstanın Baykonur Film Festivalında isə “Ən yaxşı film” mükafatlarına layiq görülüb. Film həmçinin Kann Film Festivalının “Short Film Corner” proqramında və Klermon-Ferran Beynəlxalq Qısametrajlı Filmlər Festivalının bazarında təqdim olunub.
Azərbaycan Respublikasının Kino Agentliyi filmin yaradıcı heyətini təbrik edir və onlara yeni uğurlar arzulayır.
Xəbərlər