arrow-backGeri qayıt

Xəbərlər

“44” bədii filminin premyerası keçirilib

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Vətən müharibəsində Azərbaycan xalqının qəhrəmanlığına həsr olunmuş “44” tammetrajlı bədii filminin premyerası keçirilib. Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib. Premyerada Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Filmin musiqisi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında səslənib. Nümayişdən sonra şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.

Bir kursantın gözü ilə danışılan film qəhrəmanlıq və sevgi haqqında dramdır. Filmin bədii rəhbəri Anar Ələkbərov, rejissorları İsmayıl Səfərəli və Maxim Smetana, ssenari müəllifləri Anar Ələkbərov və İsmayıl İman, prodüseri Orman Əliyevdir. Rollarda türkiyəli aktrisa Özge Gürel də çəkilib.

Filmin hazırlanması beş il çəkib: 14 ay davam edən çəkilişlər Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocalı, Xocavənd, Xızı, Lerik və Şuşa daxil olmaqla 12 bölgədə, 130-dan çox məkanda aparılıb. Çəkilişlərdə 32 əsas, 1 143 epizodik rol ifaçısı və təxminən 2 000 nəfərlik kütləvi səhnə iştirakçısı, eləcə də 13 ölkədən mütəxəssislər iştirak edib.

“44” filmi oktyabrın 15-dən etibarən ölkə kinoteatrlarında nümayiş olunur. Filmin xarici ölkələrdə nümayişi və beynəlxalq festivallarda iştirakı da planlaşdırılır.

Xəbərlər